Hipermetropiya Nədir? Hipermetropiyanın əlamətləri

Hipermetropiya Nədir? Hipermetropiyanın əlamətləri

Hipermetropiya (uzaqgörənlik) gözün optik sistemində işığın torlu qişanın arxasına düşməsi nəticəsində yaxın məsafədəki obyektlərin bulanıq görünməsi ilə xarakterizə olunan görmə qüsurudur. Bu vəziyyət adətən göz almasının normadan daha qısa olması və ya buynuz qişa və göz büllurunun işığı kifayət qədər sındırmaması səbəbindən yaranır.

Hipermetropiya olan insanlar üçün əsas problem yaxın məsafədəki obyektləri aydın görə bilməməkdir. Bu görmə pozğunluğu həm uşaqlarda, həm də böyüklərdə rast gəlinə bilər və gündəlik həyatda müxtəlif çətinliklər yarada bilər. Hipermetropiyanın əsas əlamətləri aşağıdakılardır:
Yaxın məsafədəki yazıları və ya obyektləri oxumaqda çətinlik
Hipermetropiyadan əziyyət çəkən insanlar üçün kitab, telefon ekranı, kompüter və ya digər yaxın obyektlərə diqqət yetirmək çətindir. Onlar yazıları oxuyarkən gözlərini həddindən artıq gərginləşdirməli olurlar. Bu da görmə prosesini yorucu və narahat edici hala gətirir. Xüsusilə, uzun müddət kitab oxumaq və ya əl işləri ilə məşğul olmaq çətinləşir.
Gözlərin tez yorulması
Hipermetropiya zamanı gözlərin tez yorulması ən çox rast gəlinən şikayətlərdən biridir. Bu vəziyyət uzun müddət yaxın məsafədə iş görən insanlarda daha çox müşahidə olunur. Gözlər daim fokuslanmağa çalışdığı üçün tez yorulur və bu, ümumi narahatlıq hissinə səbəb olur. Gün ərzində gözlərin tez yorulması iş və təhsil fəaliyyətlərinə də mənfi təsir göstərə bilər.
Baş ağrısı, xüsusən uzun müddət kitab oxuyanda və ya kompüterə baxanda
Hipermetropiyası olan insanlar yaxın obyektlərə baxmaq üçün gözlərini həddindən artıq yükləyirlər. Bu yüklənmə göz əzələlərini gərginləşdirir və nəticədə baş ağrıları yarana bilər. Xüsusilə, gün ərzində kompüter qarşısında çalışanlar və ya çox oxuyanlar axşam saatlarında güclü baş ağrıları ilə qarşılaşa bilərlər.
Gözlərin gərginliyi və yanma hissi
Gözlərin daim fokuslanmağa çalışması onları həddindən artıq yükləyir və bu, gərginlik, yanma və quruluq hissinə səbəb ola bilər. Hipermetropiyadan əziyyət çəkən insanlar bəzən gözlərində qaşınma və qızartı hiss edə bilərlər. Bu əlamətlər xüsusilə uzun müddət ekrana baxdıqda və ya zəif işıqlandırmada kitab oxuduqda daha da şiddətlənir.
Uzaq obyektlərin daha aydın görünməsi
Hipermetropiyanın əsas xüsusiyyətlərindən biri uzaq obyektlərin daha aydın görünməsidir. Bu insanlar uzağa baxarkən görmə keyfiyyətində ciddi problemlər yaşamırlar. Lakin yaxın məsafədəki obyektlər bulanıq göründüyü üçün gündəlik fəaliyyətlər, məsələn, yazı yazmaq, oxumaq və ya telefondan istifadə etmək çətinləşir.

Hipermetropiyanın səbəbləri Nədir?

Hipermetropiya (uzaqgörənlik) müxtəlif faktorların təsiri nəticəsində meydana gələn göz qüsurudur. Hipermetropiya əsasən genetik faktorlar, göz almasının qısa olması və göz büllurunun elastikliyinin azalması ilə əlaqədardır. Bu səbəblər gözün işıq şüalarını düzgün fokuslaya bilməməsinə səbəb olur və nəticədə yaxın məsafədə görmə çətinləşir.
İrsi faktorlar
Hipermetropiya çox vaxt genetik keçid yolu ilə nəsildən-nəslə ötürülən bir görmə problemidir. Əgər valideynlərdən biri və ya hər ikisi hipermetropiyadan əziyyət çəkirsə, uşaqlarda da bu qüsurun yaranma ehtimalı yüksəkdir. Göz almasının formalaşmasına və işıq şüalarının torlu qişada fokuslanmasına təsir edən genetik amillər hipermetropiyanın inkişafında mühüm rol oynayır.
Uşaqlarda doğuşdan hipermetropiya müşahidə oluna bilər, lakin yaş artdıqca göz almasının böyüməsi ilə birlikdə bu vəziyyət düzələ bilər. Bununla belə, bəzi hallarda hipermetropiya davamlı olaraq qalır və eynək və ya linzaların istifadəsini tələb edir.
Göz almasının qısa olması
Hipermetropiyanın əsas anatomik səbəblərindən biri göz almasının normadan daha qısa olmasıdır. Normal halda işıq şüaları torlu qişada fokuslanmalıdır, lakin göz alması qısa olduqda işıq torlu qişanın arxasına düşür. Bu da yaxın obyektlərin bulanıq görünməsinə səbəb olur.
Bu struktur problemi anadangəlmə və ya sonradan inkişaf edə bilər. Göz almasının böyüməsi və inkişafı uşaqlıq dövründə baş verir, lakin bəzi insanlarda bu proses normal getmədiyi üçün hipermetropiya yaranır.
Göz almasının qısa olması aşağıdakı hallarla əlaqədar ola bilər:

  • Genetik meyillilik – Ailə üzvlərində hipermetropiya varsa, göz almasının qısa olma ehtimalı artır.
  • Anadangəlmə inkişaf qüsurları – Doğuşdan gələn göz quruluşu fərqlilikləri hipermetropiyaya səbəb ola bilər.
  • Göz almasının inkişaf etməməsi – Uşaqlıqda göz almasının normal böyüməməsi yaxın görmədə problemlərə yol aça bilər.

Göz büllurunun elastikliyinin azalması
Göz bülluru elastik bir quruluşa malikdir və obyektlərə fokuslanmağa kömək edir. Gənc yaşlarda göz bülluru daha elastik olduğu üçün göz yaxın və uzaq obyektlərə asanlıqla uyğunlaşa bilir. Lakin yaş artdıqca göz büllurunun elastikliyi tədricən azalır və gözün fokuslanma qabiliyyəti zəifləyir. Bu vəziyyət presbiopiya adlanır və əsasən 40 yaşdan sonra baş verir.
Elastikliyin azalması nəticəsində göz yaxın obyektlərə fokuslanmaqda çətinlik çəkir və hipermetropiyanın təsiri daha da güclənir. Bu səbəbdən yaşlı insanlarda oxuma və kompüter qarşısında işləmək çətinləşir, gözlər daha tez yorulur və əlavə görmə dəstəyi (eynək və ya linzalar) tələb olunur.
Göz büllurunun elastikliyinin azalmasına təsir edən faktorlar aşağıdakılardır:
Yaşlanma prosesi – 40 yaşdan sonra büllurun elastikliyi təbii şəkildə azalır.
Göz travmaları – Gözə dəyən zədələr büllurun quruluşunu dəyişdirə bilər.
Şəkərli diabet və digər xəstəliklər – Maddələr mübadiləsi pozğunluqları gözün optik xüsusiyyətlərinə təsir edə bilər.

Hipermetropiya Necə Müalicə Edilir?

Hipermetropiya (uzaqgörənlik) müalicə edilə bilən bir görmə qüsurudur və müalicə üsulu xəstənin yaşı, hipermetropiyanın dərəcəsi və heyat tərzinə görə seçilir. Hipermetropiyanın əsas müalicə üsulları eynək və linzaların istifadəsindən başlayaraq lazer və refraktiv cərrahiyyəyə qədər dəyişir. Hər bir müalicə üsulu fərqli üstünlüklərə və məhdudiyyətlərə malikdir.

Eynək və ya kontakt linzalar

Eynəklər və kontakt linzalar hipermetropiyanın ən yayılmış və təhlükəsiz müalicə üsullarından biridir. Bu optik vasitələr gözə daxil olan işıq şüalarını düzgün istiqamətləndirərək torlu qişadı fokuslanmasına kömək edir.

Eynəklər hipermetropiyanı düzəltmək üçün müsbət dioptriyalı (konveks) linzalarla təchiz edilir. Onlar hipermetropiyanın dərəcəsinə uyğun olaraq fərdi şəkildə seçilir və gündəlik istifadə üçün rahat hesab edilir. Eynəklər gözlərin daha az yorulmasına kömək edir və xüsusilə uşaqlar və yaşlı insanlar üçün daha çox tövsiyə olunur.

Kontakt linzalar aktiv heyat tərzi keçirən və eynək taxmaq istəməyən insanlar üçün ideal bir seçimdir. Onlar gözə birbaşa yerləşdirildiyi üçün daha təbii görmə effekti yarada bilir. Kontakt linzaların yumşaq, sərt və torik olmaqla müxtəlif növləri mövcuddur. Ancaq kontakt linzaların gigiyenik qaydalara uyğun istifadə olunması vacibdir, əks halda göz infeksiyalarına səbəb ola bilər.

Bu müalicə üsulu sadə və təhlükəsizdir, eyni zamanda göz cərrahiyyəsi tələb etmir. Xüsusilə uşaqlar və yaşlı insanlar üçün uyğundur. Lakin daimi istifadə tələb edir və kontakt linzalar gigiyenik qaydalara ciddi əməl olunmasını nəzərdə tutur.

Lazer cərrahiyyəsi (LASIK, PRK və s.)

Lazer cərrahiyyəsi hipermetropiyanı tamamilə aradan qaldırmaq üçün effektiv bir üsuldur. Bu prosedurlar gözün optik sistemini dəyişdirərək işıq şüalarının torlu qişadı düzgün fokuslanmasını təmin edir.

LASIK (Laser-Assisted in Situ Keratomileusis)

Bu prosedurda lazer vasitəsilə buynuz qişanın səthi xüsusi şəkildə formalaşdırılır. Prosedur ağrısızdır və görmə bərpası çox sürətlidir. Əksər hallarda hipermetropiyanın orta dərəcələrində effektivdir.

PRK (Photorefractive Keratectomy)

Buynuz qişanın üst təbəqəsi mexaniki və ya lazerlə çıxarılır və yenidən formalaşdırılır. LASIK-ə alternativ olaraq, buynuz qişası nazik olan şəxslər üçün daha uyğundur. Görmə bərpası LASIK ilə müaqisədə daha uzun çəkir.

Refraktiv cərrahiyyə (Büllurun dəyişdirilməsi, fakik linza implantasiyası və s.)

Refraktiv cərrahiyyə hipermetropiyanın lazer əməliyyatları ilə düzəldilə bilmədiyi hallarda tətbiq edilir. Bu prosedur göz büllurunun funksiyasını dəyişdirməyə və ya onu sünüi büllurla əvəz etməyə əsaslanır.

Paylaş

0 şərh

Şərh yaz

Email adresiniz paylaşılmayacaq.